"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
29.07.2020. Kollegiya iclası keçirilib
29.07.2020. Kollegiya iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində 2020-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında verilmiş tapşırıqların icrası, 2020-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Dövlət Miqrasiya Xidmətində kollegiya iclası keçirilib. Kollegiya iclasında çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev geniş məruzə ilə çıxış edib.

Xidmət rəisi bildirib ki, Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Şübhəsiz ki, həyata keçirilən çoxşaxəli və uğurlu islahatlar nəticəsində yaşayış səviyyəsi yüksəlmiş və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf miqrasiya proseslərinin intensivləşməsini şərtləndirmişdir.

Qeyd edilib ki, Xidmətin fəaliyyət istiqamətlərində prioritet yer tutan qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri I yarımil ərzində də uğurla həyata keçirilib. Belə ki, həyata keçirilən tədbirlər zamanı muxtar respublika ərazisində qeydiyyatsız olan, qanunsuz yaşayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 80 əcnəbi aşkarlanmışdır. Həmçinin miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş 1 əcnəbi öz ərizəsi əsasında könüllü olaraq Xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılmışdır. Qeyd olunan şəxs Mərkəzdə saxlanıldığı müddətdə Miqrasiya Məcəlləsində və Mərkəzin Daxili intizam qaydalarında nəzərdə tutulmuş bütün prosessual hərəkətlər yerinə yetirilmiş və  qanunla nəzərdə tutulmuş hüquqları təmin edilmişdir.

Vurğulanıb ki, hesabat dövrü ərzində əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və Xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı ümumilikdə Xidmətə 1930 müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 1233-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı olub. Müraciətlərdən 645-i şəxsən, 588-i isə konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin e-mail ünvanına və elektron hökumət portalına daxil olub.

Diqqətə çatdırılıb ki, I yarımil ərzində Dövlət Miqrasiya Xidmətinin e-mail ünvanına və elektron hökumət portalına ümumilikdə 648 müraciət daxil olub. Müraciətlərin 588-i əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı, 41-i müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı, 19-u isə sorğu xarakterli müraciətlər olmuşdur. Müraciətlərin hər biri Xidmət tərəfindən tam, dəqiq, və operativ  qaydada cavablandırılıb.

Habelə hesabat dövründə Xidmətə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 405, daimi yaşamaq üçün icazənin verilməsi 9, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi 5, əcnəbilərin Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi 133, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 100 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.

Fərəhli haldır ki, bu gün muxtar respublikamızın mövcud sosial-iqtisadi inkişafı sayəsində burada yaşamaq, işləmək, təhsil almaq,  o cümlədən ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı hər ötən il artan dinamika ilə inkişaf edir. Reallaşdırılan çoxşaxəli, uğurlu siyasət respublikanı tərk edib digər ölkələrə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtmasına çox ciddi təsir edir. Həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, I yarımil ərzində Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 2 müraciət daxil olmuşdur. Həmin müraciətlər hazırda icra mərhələsindədir.

Vurğulanıb ki, muxtar respublika ərazisində müvəqqəti olan və yaşayan, habelə məcburi dayanma ilə bağlı əcnəbilərin olma və yaşamalarının leqallaşdırılması üçün Xidmət tərəfindən bir sıra ciddi addımlar atılmış və onların ölkədə olmaları qanuniləşdirilmişdir. Bu səbəbdən I yarımil ərzində 223 əcnəbinin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmışdır ki, həmin əcnəbilərdən də 35-i şəxsən müraciət etmiş, 188 müraciət isə vahid miqrasiya məlumat sistemi üzərindən avtomatlaşdırılmış qaydada daxil olmuş və icrası təmin edilmişdir. Əlbətdə ki, əcnəbilərin məmnuniyyəti və təhlükəsizliyi baxımından həyata keçirilən bu tədbirlər, dövlət tərəfindən onlara göstərilən humanist mahiyyətin daha bir ifadəsidir.

Sonra məruzə ətrafında çıxışlar olub.

Kollegiya iclasına yekun vuran Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev bildirib ki, Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələr 2020-ci ilin II yarımilində Dövlət Miqrasiya Xidməti tərəfindən vaxtında və dəqiq icra olunacaq, işə tələbkarlıq daha da artırılaraq nizam-intizama ciddi əməl ediləcək, həmçinin miqrasiya proseslərinin tənzimlənməsi və idarə olunması sahəsində maksimum qüvvə və səy göstəriləcəkdir.