"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
26.11.2019. Əcnəbi tələbələrlə tədbir
26.11.2019. Əcnəbi tələbələrlə tədbir

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetininbirgə təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti”nə dair tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində reallaşan tədbirə giriş sözü ilə başlayan Naxçıvan Dövlət Universitetinin prorektoru Rafiq Rəhimov və Dövlət Miqrasiya Xidməti rəisinin  müavini Elnur Məmmədov bildiriblər ki, bu cür tədbirlərin təşkili muxtar respublikamızda təhsil alan əcnəbilərin miqrasiya sahəsində maariflənməsinə, öz hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına xüsusi xidmət edir.

Sonra Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi Kənan Məmmədov əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması və yaşaması barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib. Vurğulanıb ki, Dövlət Miqrasiya Xidməti yarandığı ilk gündən fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında quraraq əcnəbilərin hüquqi təminatçısına çevrilib. Bu gün Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin edilməsi, iqtisadi maraqların qorunması, miqrasiya sahəsində dövlət siyasəti, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi daim diqət mərkəzində saxlanılan prioritet məsələdir. Muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin də sayının artması bunun əyani sübutudur.

Diqqətə çatdırılıb ki, Muxtar respublikaya təhsil almaq məqsədilə gələn əcnəbilər təhsil almaqla yanaşı, eyni zamanda həm də ölkədə yaşama hüququna malik olurlar. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu ödənən zaman tələbələr üçün güzəştlərin olduğu diqqətə çatdırılıb. Dövlət rüsumunun bu cür müəyyənləşdirilməsi ölkəmizdə əcnəbi tələbələrə  göstərilən humanist mahiyyətin növbəti göstəricisi və nümunəsidir.

Kənan Məmmədov  çıxışında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri  ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məqamlara toxunub, bu barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Xidmət əməkdaşı Tural Bayramov əcnəbilərin muxtar respublika ərazisində olma və yaşama müddətində hüquq və azadlıqları, vəzifələri, eyni zamanda olma və yaşama qaydalarının pozulmasına görə inzibati məsuliyyətləri barədə məlumat verib.

Əcnəbi tələbələrin hüquq və vəzifələri, eləcə də miqrasiya qanunvericiliyi ilə bağlı olan məlumatları aydın formada başa düşə bilmələri üçün çıxışlar, təqdim edilən slayd və videoçarxlar ingilis dilində də səsləndilirib.

Universitetin tibb fakültəsinin müalicə işi ixtisası üzrə hazırlıq tələbəsi Nevruz Gökmen Dövlət Miqrasiya Xidmətinin onlar üçün yaratdığı şəraitdən danışıb, təşkil olunan maarifləndirmə tədbirlərinə və sənədləşdirmə işlərində göstərdikləri xidmətə görə minnətdarlığını bildirib.

Sonra əcnəbi tələbələrə Xidmət tərəfindən hazırlanmış bukletlər təqdim olunub. Bu da birbaşa onların maariflənməsinə, hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına xidmət edir. Həmçinin təqdim olunan bukletlər vasitəsilə onlar miqrasiya qanunvericiliyi ilə bağlı yaranan əksər suallara da cavab tapa bilərlər.

Qarşılıqlı diskusiya şəraitində keçən tədbirdə suallar ətraflı cavablandırılıb və müvafiq müraciətlər qəbul olunub.

Sonda əcnəbi tələbələrin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə 95 illiyi keçirilən Dövlət Tarix Muzeyinə gəzintiləri də təşkil edilib. Məlumat verilib ki, beş min illik tarixə malik qədim mədəniyyət mərkəzi Naxçıvanın milli-mədəni və tarixi irsinin daşıyıcısı olan Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 95 ili tamam olur. 1924-cü il oktyabrın 30-da Naxçıvan şəhərində qurulan ilk Tarix-Etnoqrafiya Muzeyinin maddi-mədəniyyət nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılmasın-da böyük əhəmiyyəti olub. Muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoyub.

Təşkil edilən tədbir xoş ovqat yaradıb. Bu tədbirlər muxtar respublikada təhsil alan əcnəbi tələbələrin hüquq və vəzifələri, miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmalarına, həmçinin qədim diyarımızın mədəniyyətinin təbliğinə xüsusi xidmət edir.