"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
26.02.2020. Xocalı soyqırımından 28 il keçir
26.02.2020. Xocalı soyqırımından 28 il keçir

Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının 28-ci ildönümü yad edilib

Xidmətin akt zalında baş tutan tədbirdə öncə Xocalı faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı hadisələri ilə bağlı geniş şəkildə çıxış edib. Bildirilib ki, Xocalı erməni silahlıları tərəfindən fevralın ortalarından başlayaraq mühasirəyə alınmışdı və hər gün ağır texnikadan atəşə tutulurdu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayı 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etmiş, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Bu faciədən cəmi 3-4 gün sonra, 1-3 mart 1992-ci ildə 200-ə yaxın azərbaycanlı əsir ermənilər tərəfindən dəhşətli şəkildə qətlə yetirildi.

Diqqətə çatdırılıb ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiyməti ümummilli liderimiz Heydər Əliyev vermiş, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə xüsusi bəyanat verərək Xocalı soyqırımını törədənləri ittiham etmişdir. Ümummilli liderimizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur.

Sonda müstəqil Azərbaycan ordusunun gücündən, müasir inkişafından danışan Xidmət rəisi fikrini ölkə başçısı cənab İlham Əliyevin kəlamı ilə tamamlamışdır: “2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad etmiş, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçmişdir. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır. Mövcud olan vəziyyət qəbul edilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır”.

Sonda Xidmət əməkdaşları Xocalı faciələrini əks etdirən filmə baxıblar.