Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin muzeylərə kollektiv gedişi davam etdirilir.
Mayın 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər.
Məlumat verilib ki, görkəmli şair-dramaturq Hüseyn Cavidin ev-muzeyi ədibin anadan olmasının 100 illiyi ilə əlaqədar 1982-ci ildə vaxtilə onun yaşadığı evdə yaradılıb. Muzeyin fondunda 9 mindən yuxarı eksponat qorunub saxlanılır ki, hazırda bu eksponatların 500-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərlər, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları, şairin oğlu Ərtoğrol Cavidin və qızı Turan xanımın əsərləri, Hüseyn Cavid haqqında müxtəlif dövrlərdə nəşr olunmuş kitablar görkəmli ədibin həyat və yaradıcılığı barədə dolğun təəssürat yaradır.
Xatirə kompleksini ziyarət zamanı Dövlət Miqrasiya Xidmətinin kollektivinə bildirilib ki, böyük ədibin xatirəsinin əbədiləşdirilməsində, onun zəngin irsinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, misilsiz xidmətləri olub. 1982-ci ilin noyabr ayında romantik şairin nəşinin Uzaq Sibirdən doğma yurduna – Naxçıvana gətirilməsində ulu öndər Heydər Əliyevin təşəbbüsü və böyük qayğısı Hüseyn Cavid yaradıcılığına, o cümlədən, Azərbaycan ədəbiyyatına göstərdiyi diqqətin növbəti göstəricisi və nümunəsidir. 1996-cı ildə dahi lider Heydər Əliyevin himayəsi ilə muxtar respublikanın paytaxt şəhərində görkəmli drammaturqun məzarı üzərində əzəmətli məqbərə ucaldılıb.
Ədibin həyat və fəaliyyətindən bəhs edən muzeylə tanışlıq Xidmət əməkdaşlarının xoş təəssüratları ilə yadda qalıb.