"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
24.11.2022. Ordubad rayonunun Kələki kəndi
24.11.2022. Ordubad rayonunun Kələki kəndi

Kələki kənd məktəbi müasir tədris imkanlarına malikdir 

Noyabrın 24-də Ordubad rayonunun Kələki kənd tam orta məktəbi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Kələki kənd tam orta məktəbi üçün 2003-cü ildə yeni bina tikilmiş, 2022-ci ildə məktəb binası yenidən qurulmuşdur. 2 mərtəbəli məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, şahmat sinfi, direktor, direktor müavini, kompüter, psixoloq, müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana və qarderob yerləşir. Məktəbin kitabxana fondunda 2562 kitab vardır.

STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter quraşdırılmışdır. Kabinə 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şagirdlər hazırladıqları “Elektron kitab” və “Balanslaşdırılmış mexatronika” layihələrini təqdim etmişlər.

Müəllim Səmra Hüseynova yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Təhsil sisteminin informasiya texnologiyaları əsasında təkmilləşdirilməsi və interaktiv təlim metodlarından istifadə yüksək nəticələrin qazanılmasına imkan verir. Məktəbdə internetə çıxışı olan 13 kompüter və 3 elektron lövhə quraşdırılmışdır. Elektron lövhəli siniflər keçirilən dərslərin əyaniliyini təmin edir. Belə ki, şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini elektron lövhədə izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər. Bu isə tədris materiallarının daha yaxşı mənimsənilməsinə köməklik edir.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə Milli Dəyərlər Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən interaktiv dərsi izləmişdir.

Kimya-biologiya və fizika laboratoriyalarında cihaz və avadanlıqlar quraşdırılmış, şagirdlərin biliklərinin təcrübi əsaslarla möhkəmləndirilməsi təmin edilmişdir. Hərbi kabinə isə gənclərin hərb sənətinə marağının artırılmasına və onların vətənpərvər ruhda böyüməsinə imkan verəcəkdir. Şahmat sinfi, eləcə də açıq idman qurğuları gənclərin fiziki və əqli cəhətdən sağlam böyüməsinə hesablanmışdır.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və müəllim Sara Hacı çıxış etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kələki kənd tam orta məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, gələcək tədrisdə uğurlar arzulamışdır.

Binanın həyətində bufet və qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, yaşıllıq salınmışdır.

Vahid mərkəzdən idarəetmə əhali rahatlığını təmin edəcək

Noyabrın 24-də Kələki kənd mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis sahə məntəqəsi, rabitə evi, kitabxana, arxiv, 38 yerlik zal, klub və qazanxana yerləşir. Kitabxana fondunda 7142 kitab vardır. Rabitə Evində 96 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 55 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 69 üzvü vardır ki, onlardan da 21-i gənc, 54-ü isə qadındır. Ərazi ilk təşkilatının sədri Emin Ağayev yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Abbas Xəlilov kənd sakinlərinin məşğuliyyəti barədə məlumat vermişdir.

Yaşayış məntəqələrində müasir tələblərə cavab verən səhiyyə müəssisələrinin yaradılması sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilmişdir.

Ali Məclisin Sədri qeydiyyat, peyvənd və patronaj işinin təşkili barədə tapşırıqlar vermişdir.

Kələki kənd avtomobil yolu yenidən qurulub

Noyabrın 24-də Kələki kənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, ümumi uzunluğu 5 kilometr olan yola asfalt örtük salınmışdır. Yolun üzərində 180 metr metal boru su keçidi qoyulmuş, 1500 metr beton su kanalı, 410 metr selötürücü beton kanal çəkilmiş, 1 körpü təmir edilmiş, 60 metr istinad divarı tikilmiş, 310 metr metal məhəccər quraşdırılmış, 100 metr sahilbərkitmə işləri görülmüşdür.

Sonra sakinlərlə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kələki kəndinin müasir kəndlər sırasına qoşulması münasibətilə sakinləri təbrik etmiş, rahat həyat arzulamış, bu işdə əməyi olanlara təşəkkürünü bildirmişdir.

Kənd ağsaqqalı Cəlal Yusifov yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq etmişdir.

Sakinlərə nümunəvi xidmət göstəriləcək

Noyabrın 24-də Kələki kəndində xidmət mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur.    

Bildirilmişdir ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, 2 anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılmış, 6 nəfər işlə təmin olunmuşdur.

Ali Məclisin Sədri tələbata uyğun məhsulların satışı barədə tapşırıq vermişdir.

* * *

Kələki kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülmüşdür. Kənddə 450 metr fiber-optik, 1670 metr kabel xətti çəkilmiş, 15 dəmir dirək basdırılmışdır. Həmçinin 3270 metr məsafədə məftil naqillər kabellərlə əvəz edilmiş, 675 metr kabel xətti çəkilmiş, 2 transformator yarımstansiyası yenidən qurulmuş, 52 elektrik dirəyi basdırılmışdır. Bundan başqa, 80 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilmiş, 3289 poqonometr qaz xəttində dəmir borularla təmir işləri aparılmışdır. Kənddə 120 metrlik yeni kaptaj tikilmiş, 4 kilometrlik içməli su xətti təzyiqə davamlı polietilen borularla əvəz edilmiş, sugətirici xəttin 200 metrlik hissəsi yenisi ilə əvəz olunmuş, 250 metrlik içməli su xəttində təmir işləri aparılmış, 11 subölüşdürücü quraşdırılmışdır.