"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
23.09.2021. Maarifləndirmə tədbiri
23.09.2021. Maarifləndirmə tədbiri

Əcnəbilərin maarifləndirilmə tədbirləri uğurla davam etdirilir

 Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”nə dair növbəti maarifləndirici tədbir keçirilib.

Xidmətin əməkdaşı Elnur Zellabdinov giriş sözü ilə başlayaraq bildirib ki, ötən dövrlər ərzində muxtar respublikada sosial-iqtisadi inkişaf təmin edilmiş, eyni zamanda yeni iş yerlərinin açılması, əhalinin sosial-rifah halının yaxşılaşdırılması, sosial infrastrukturun gücləndirilməsi istiqamətində bir sıra uğurlu və məqsədyönlü islahatlar aparılmışdır. Həyata keçirilən çoxşaxəli və uğurlu siyasət, nəticə etibarilə miqrantların Naxçıvan Muxtar Respublikasına marağını daha çox cəlb etməklə bərabər, onların diyarımıza müxtəlif məqsədlərlə səfər etmələrinə də geniş imkanlar yaradıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması və yaşaması barədə ətraflı məlumat verilərək qeyd edilib ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti olma və yaşama icazəsinin verilməsi ilə bağlı kifayət qədər müxtəlif hallar nəzərdə tutulub. Təbii ki, bu da onların ölkəmizdə müvəqqəti yaşama hüququnu daha rahat və asan formada əldə etmələri baxımından müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma və yaşama müddətinin uzadılması qaydası və tələb olunan sənədlər barədə də geniş məlumatlar verilib.

Elnur Zellabdinov miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət mövzusuna da toxunaraq slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib. Vurğulanıb ki, öz hüquq, azadlıq və vəzifələrini, eyni zamanda miqrasiya qanunvericiliyini bilməyən əcnəbilər, təbii ki, məsuliyyətə cəlb oluna, habelə qanunsuz miqranta çevrilə bilərlər. Bu baxımdan Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mütəmadi olaraq səmərəli və effektiv mübarizə tədbirləri həyata keçirilir, yarana biləcək problemlərin vaxtında aşkarlanması və qarşının alınması istiqamətində operativ addımlar atılır.

Sonra tədbir iştirakçılarına Xidmət tərəfindən hazırlanan və miqrasiya qanunvericiliyini əhatə edən maarifləndirici bukletlər paylanılıb.

Qarşılıqlı diskusiya şəraitində keçən tədbirdə əcnəbiləri maraqlandıran müxtəlif suallar ətraflı cavablandırılıb.

Bu gün Dövlət Miqrasiya Xidmətinin qarşısında duran prioritet vəzifələrdən biri də əcnəbilərin qanunlarımıza əməl etmələrilə bərabər, həm də Azərbaycan Respublikasının tarixini və mədəniyyətini öyrənməsidir. Bu baxımdan maarifləndirmə tədbirinin yekununda əcnəbilərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub.

Bələdçi tərəfindən tədbir iştirakçılarına məlumat verilərək qeyd olunub ki, Xatirə muzeyi ermənilər tərəfindən törədilən soyqırım qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmışdır. Vurğulanıb ki, döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir.

Ekskursiya zamanı çoxsaylı eksponatlar, şəhidlik zirvəsinə ucalan Vətən oğullarının fotoşəkilləri və şəxsi əşyaları ilə tanışlıq tədbir iştirakçılarında maraqlı təəssürat yaradıb. Bu cür tədbirlərin həyata keçirilməsi muxtar respublikada yaşayan əcnəbilərin hüquq və vəzifələri, eləcə də miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları ilə yanaşı, eyni zamanda qədim diyarımızın tarixi, mədəniyyəti və turizm imkanlarının təbliği baxımından da müstəsna əhəmiyyətə malikdir.