"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
21.11.2019. YAP: Xalqa və dövlətə xidmət amalı
21.11.2019. YAP: Xalqa və dövlətə xidmət amalı

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında yaradılan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçilik tariximizin əsasını qoymuşdur. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, ictimai-siyasi sabitliyin, milli həmrəyliyin, güclü və sosialyönümlü iqtisadiyyatın formalaşmasında başlıca siyasi qüvvəyə çevrilmişdir. Ölkəmizdə, eləcə də muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının nəticəsidir. 

Noyabrın 21-də - Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümündə Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

 Türkeş kənd tam orta məktəbinin yeni binasının açılışı olub 

Noyabrın 21-də Türkeş kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 

Məlumat verilmişdir ki, ikimərtəbəli məktəbdə 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, 2 elektron lövhə, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı istifadəyə verilmişdir. Məktəbin kitabxana fondunda 1549 kitab vardır. Burada "Oxunması zəruri olan kitablar"dan ibarət guşə yaradılmışdır. Laboratoriyalarda lazımi təcrübə avadanlıqları qoyulmuş, idman zalında, hərbi kabinədə və sinif otaqlarında müasir tədris şəraiti yaradılmışdır. Məktəbdə 8 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. 

Elektron lövhəli sinifdə muxtar respublikanın 200-dən artıq məktəbi ilə Heydər Əliyev Muzeyi arasında “Ümummilli lider Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” mövzusunda keçirilən interaktiv dərs izlənilmişdir. 

Məktəbin müəllimi Əli Novruzov yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Ali Məclisin Sədri məktəbin pedaqoji kollektivi ilə görüşmüşdür.

Türkeş kənd tam orta məktəbinin direktoru Bəxtiyar Tarverdiyev çıxış edərək demişdir ki, muxtar respublikanın digər rayonları kimi,  Şahbuz rayonunun da qəsəbə və kəndləri günü-gündən abadlaşır və inkişaf edir. Bunun parlaq nümunələrindən biri də məhz bu gün açılışına toplaşdığımız Türkeş kənd tam orta məktəbidir. Yaradılan şərait məktəbdə tədrisin səviyyəsinin artmasına, yüksək nəticələrin əldə olunmasına, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə imkan verəcəkdir.Bəxtiyar Tarverdiyev təhsilə göstərdiyi hərtərəfli diqqət və qayğıya görə məktəbin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir. 

Məktəbin müəllimi Yeganə İbrahimova minnətdarlıq edərək demişdir: “Muxtar respublikanın inkişafında təhsil quruculuğu xüsusi yer tutur. Aparılan kompleks quruculuq işlərinin tərkib hissəsi kimi Türkeş kəndində məktəbin tikilməsi bunu bir daha təsdiq edir. Artıq şagirdlərimiz ən müasir təhsil şəraitinə malik məktəbdə təhsil alacaqlar. Bundan böyük diqqət və qayğı ola bilməz. Yaradılan şərait təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyur və məsuliyyətimizi daha da artırır. Söz veririk ki, müasir tədris şəraitindən səmərəli istifadə edəcək, şagirdlərin təhsilli, vətənpərvər və ölkəmizə layiq vətəndaşlar kimi yetişməsi qayğısına qalacağıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkeş kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün Türkeş kəndinin həyatında əlamətdar gündür. Aparılan tikinti işlərindən sonra kənddə məktəb, kənd və  xidmət mərkəzləri, yol sakinlərin istifadəsinə verilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "Dövlət haradan olursa olsun, nədən olursa olsun kəsib məktəb işinə sərf etməli, müəllim əməyinə qiymət verməlidir". Türkeş kəndində görülən işlər, müasir məktəb binasının tikilməsi də dövlət vəsaiti hesabına həyata keçirilmişdir. Həmçinin müəllim əməyi də qiymətləndirilmiş, məktəbin müəllimlərindən biri Azərbaycan Respublikasının "Əməkdar müəllim"i fəxri adına layiq görülmüşdür. Bu günə qədər lazımi tədris şəraiti olmayan binada fəaliyyət göstərməsinə baxmayaraq məktəbdə müəllim fədakarlığı və şagird çalışqanlığı nəticəsində nailiyyətlər qazanılmışdır.

Ali Məclisin Sədri kollektivə təşəkkür edərək demişdir: Türkeş kənd tam orta məktəbinin yeni binası müasir tədrisin tələbləri səviyyəsindədir. Ona görə də məktəbin müəllimləri öz üzərlərində işləməli, yeni innovasiyaları mənimsəməli, onları şagirdlərə öyrətməli, tədris müasir tələblər səviyyəsində qurulmalıdır. Sevindirici haldır ki, məktəbdə bütün fənlər üzrə müəllimlər fəaliyyət göstərir. Son 5 ildə məktəbin məzunlarının ali məktəblərə qəbul olunması həm də müəllimlərin hazırlıq səviyyəsinin göstəricisidir.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və nailiyyətlərin daha da artacağına əminliyini bildirmiş, kollektivə tədrisdə uğurlar arzulamışdır.       

Məktəbin həyətində bufet və fərdi qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, yaşıllıq salınmış, müasir suvarma və işıqlandırma sistemi çəkilmişdir.

 Türkeş Kənd Mərkəzi istifadəyə verilib

Noyabrın 21-dəTürkeşdə yeni kənd mərkəzinin də açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, feldşer-mama məntəqəsi, statistika otağı, mədəniyyət evi, həmçinin Yeni Azərbaycan Partiyası Türkeş kənd ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Bütün təşkilatlar üçün müasir iş otaqları ayrılmış və lazımi invertarlarla təchiz edilmişdir. Kənd kitabxanasında 4075 kitab vardır.

Yeni Azərbaycan Partiyası Türkeş kənd ərazi ilk təşkilatının sədri Elminə Məmmədova demişdir: “Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümüdür. Fəxr edirik ki, ölkəmizdə, muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf Yeni Azərbaycan Partiyasının fəaliyyətinin nəticəsidir. Türkeş kəndində aparılan geniş quruculuq işlərini də Yeni Azərbaycan Partiyası həyata keçirmişdir. Türkeş kənd ərazi ilk təşkilatının 38 üzvü vardır ki, onlardan 10-u gənc, 11-i isə qadındır. Biz gənclər söz veririk ki, partiyamızın ətrafında birləşərək göstərilən etimadı layiqincə doğruldacağıq”.

Türkeş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vidadi Həmzəyev kənddə yaşayış üçün bütün tədbirlərin həyata keçirildiyini və məskunlaşmanın artdığını bildirmiş, aparılan kompleks quruculuq işlərinə görə minnətdarlıq etmişdir.

Rabitə evindəki yeni nəsil ATS Türkeş kəndində 41 abonentə xidmət edir. Yeni yaradılmış poçt bölməsində də lazımi şərait vardır.

Binanın birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 3 otaq ayrılmışdır. Məntəqəyə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, təcili yardım çantası, qlükometr, tərəzi, boyölçən, soyuducu və  digər tibbi avadanlıqlar verilmişdir.

Tibb bacısı Şövkət Əliyeva minnətdarlıq edərək demişdir: “30 ildən artıqdır ki, bu sahədə çalışıram. Lakin bugünkü şəraitimiz heç vaxt olmayıb. Müasir məntəqənin qurulması insanlara qayğının ifadəsidir”. 

Ali Məclisin Sədri kənddə hamilə qadınlara patronaj xidmətinin göstərilməsi, uşaqlara peyvəndlərin vaxtında vurulması və səhiyyə maarifinə diqqətin artırılması barədə tapşırıqlar vermişdir. 

Türkeş kənd avtomobil yolu yenidən qurulub 

Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir, kənd yollarının yenidən qurulması davam etdirilir. 

Noyabrın 21-də Türkeş kənd avtomobil yolu istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 

Bildirilmişdir ki, 4680 metrlik yola asfalt örtük salınmış, 700 metr kənddaxili yol təmir olunmuşdur. Yolun üzərində 16 su keçidi və8 selötürücü tikilmiş,380 metr beton kanal çəkilmiş, kənddəki selovda 640 metr sahilbərkitmə işləri görülmüşdür. 

Yeni xidmət mərkəzi fəaliyyətə başlayıb 

Həmin gün Türkeşdə yeni xidmət mərkəzi də istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Xidmət mərkəzində bərbərxana, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir, ailə təsərrüfatlarında istehsal olunan məhsullar satılır. Mərkəzdə 3 sakin işlə təmin olunub. 

Sonra sakinlərlə görüş olmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd sakinlərini təbrik edərək demişdir: Şahbuz rayonunun Türkeş kəndi muxtar respublikanın məhsuldar torpaqlara və geniş ərazilərə malik olan yaşayış məntəqələrindəndir. Ona görə də burada kompleks quruculuq işlərinə başlanıldı, kənd və xidmət mərkəzləri, məktəb, yol tikildi. Aparılan quruculuq işləri kəndi müasir yaşayış məntəqəsinə çevirib. Ucqar yaşayış məntəqəsi olmasına baxmayaraq Türkeş kəndində internet, rabitə, poçt və tibb xidməti, bir sözlə insanların rahat yaşaması üçün hər cür şərait var. Bütün bunlar kənddə məskunlaşmanı artıracaqdır. Dövlətimiz bu kəndin inkişafı üçün bütün işləri görməklə kəndin simasını tamamilə dəyişib. Kənddə maldarlıq, heyvandarlıq, arıçılıq inkişaf edir. Yaradılan şərait bu işlərin daha da artırılmasına imkan verəcək. Kəndin içməli su problemi həll olunub. Eyni zamanda qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdıqdan sonra torpaqlardan səmərəli istifadə olunacaq, bol məhsul istehsal ediləcək, yaxşı qazanc götürüləcəkdir. Artıq bu gündən Türkeş kəndində yeni və rahat həyatın təməli qoyulur. Sakinlər də yaradılanlardan səmərəli istifadə etməli, qurulanlar qorunmalı, torpaqlar əkilib becərilməli, kənd muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməlidir. 

Ali Məclisin Sədri demişdir: 1992-ci ilin noyabrın 21-də Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Müstəqil Azərbaycan dövləti və Yeni Azərbaycan Partiyası ümummilli liderimiz Heydər Əliyevin şah əsərləridir. Bu gün partiyanın ölkəmizdə həyata keçirdiyi işlərin Türkeş kəndinin timsalında nümunəsini görürük. Qürur duyuruq ki, ümummilli liderin yolu ilə gedərək bu inkişafa nail olmuşuq. 

Ali Məclisin Sədri Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə sakinləri təbrik etmiş, Türkeş kəndinin muxtar respublikanın abad yaşayış məntəqəsi kimi daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir. 

Sakin Təhməz Həmzəyev Ali Məclisin Sədrinə kənd əhalisi adından minnətdarlıq edərək demişdir: “Sizinlə ötən görüşümüzdə yeni bir Türkeş kəndi yaradacağınızı demişdiniz. Artıq bu gün böyük qayğınız nəticəsində həmin sözlər reallığa çevrilib.   Əvvəllər dərslər istiliyi və şəraiti olmayan məktəbdə keçirilirdi. Bu gün müasir tələblərə cavab verən yeni məktəbimiz var. Kənd və xidmət mərkəzləri tikilib. Bütün bunlar kəndin inkişafı ilə yanaşı, yeni iş yerlərinin açılmasına da səbəb olub. Yol mədəniyyət, inkişaf deməkdir. Türkeş kənd yolu yenidən qurulub. Kənddə aparılan sahilbərkitmə işləri yaz aylarında sel sularının yaratdığı problemlərin qarşısını alacaqdır. Su həyat, bol məhsul deməkdir. Kəndimizdə qapalı suvarma şəbəkəsi də qurulur. Bu isə əkinəyararlı torpaqlardan səmərəli istifadəyə imkan verəcək. Artıq muxtar respublikanın ərzaq təhlükəsizliyində bizim də kəndin payı olacaq. Enerji, qaz, rabitə sistemləri yenidən qurulub ki, bu da rahat həyatımızın təminatıdır. Sovetlər Birliyinin 70 ildə görmədiyi işlər müstəqil dövlətimiz tərəfindən qısa müddətdə həyata keçirilib. Sovet dövründə şəhər və kənd arasındakı fərqin ortadan götürülməsi ilə bağlı irəli sürülən proqramlar şüar olaraq qaldı, reallaşmadı. Lakin bu gün kəndlərimizdə şəhər həyatı yaradılıb. Rayonumuzun bütün kəndləri abadlaşıb. Artıq Şahbuz rayonu abad rayonlardan birinə və turizm mərkəzinə çevrilib. Aparılan düzgün siyasətin nəticəsidir ki, ötən əsrin 90-cı illərində kənddən köçüb gedənlər indi geri qayıdırlar. İki ailə kənddə məskunlaşıb. Təbii ki, bütün bunlar ulu öndər Heydər Əliyev siyasətinin bəhrələridir. Yaşasın bu siyasəti həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyev! Yaşasın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov! Çünki bu siyasətin davam etməsi bundan sonra da ölkəmizin və xalqımızın xoş gələcəyi, firavan həyatıdır”.     

*   *   * 

Türkeş kəndində quruculuq işləri ilə yanaşı, abadlıq işləri də görülmüş, 700 metr yeraltı və 1950 metr hava rabitə xətti, 6811 metr izolyasiyalı elektrik xətti çəkilmiş, transformatorlar yenilənmişdir. Həmçinin 780 metr yeni qaz xətti çəkilmiş, kənddəki 2 kəhriz bərpa olunmuş, bərpa olunan bir kəhrizdən  kəndə 400 metr içməli su xətti çəkilərək 30 evə su verilmişdir. Bununla yanaşı, yaşıllıqların suvarılması üçün subartezian quyusu qazılmış, 100 metr suvarma xətti təmir olunmuşdur.