"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
18.03.2021. Maarifləndirmə tədbiri
18.03.2021. Maarifləndirmə tədbiri

Əcnəbilərin maarifləndirilmə tədbirləri uğurla davam etdirilir

Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”nə dair növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirə giriş sözü ilə başlayan Xidmətin əməkdaşı Tural Bayramov bildirib ki, muxtar respublikada həyata keçirilən genişmiqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsi xeyli yüksəlmiş, bütün sahələrdə müşahidə olunan dayanıqlı və dinamik inkişaf əcnəbilərin diyarımıza olan marağını və müxtəlif məqsədlərlə səfər etmək niyyətini daha da artırmışdır. Bu baxımdan muxtar respublikada miqrasiya prosesləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması və yaşaması barədə ətraflı məlumat verilərək qeyd edilib ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti olma və yaşama icazəsinin verilməsi ilə bağlı kifayət qədər müxtəlif hallar nəzərdə tutulub. Təbii ki, bu da onların ölkəmizdə müvəqqəti yaşama hüququnu daha asan formada əldə etmələri baxımından müstəsna əhəmiyyətə malikdir. Həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma və yaşama müddətinin uzadılması qaydası və tələb olunan sənədlər barədə də geniş məlumatlar verilib.

Tural Bayramov miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət mövzusuna da toxunaraq slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib. Vurğulanıb ki, öz hüquq, azadlıq və vəzifələrini, eyni zamanda miqrasiya qanunvericiliyini bilməyən əcnəbilər, təbii ki, məsuliyyətə cəlb oluna, qanunsuz miqranta çevrilə bilərlər. Bu baxımdan miqrantların muxtar respublikamızda təhlükəsizliyi, rahatlığı, sərbəst hərəkət etmələri önəmli olduğu qədər, hüquqları, vəzifələri, o cümlədən miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları da daim diqqətdə saxlanılan prioritet məsələdir.

Həmçinin çıxışlar, təqdim edilən slaydlar əcnəbilərin daha rahat və aydın formada başa düşə bilmələri üçün ingilis dilində də səsləndilirib.

Sonra tədbir iştirakçılarına Xidmət tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb ki, bu da birbaşa onların maariflənməsinə, hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına xüsusi xidmət edir.

Qarşılıqlı diskusiya şəraitində keçən tədbirdə əcnəbiləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı ətraflı məlumat verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyduğu vəzifələrdən biri də əcnəbilərin qanunlara əməl etməklə yanaşı, həm də Azərbaycan Respublikasının tarixini, mədəniyyətini və dilini öyrənməsidir. Bu baxımdan maarifləndirmə tədbirinin yekununda əcnəbilərin “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma altında Muzey kompleksinə ekskursiyaları təşkil olunub.

Açıq Səma altında Muzeyin ziyarəti zamanı məlumat verilib ki, xalqımızın zəngin tarixi-mədəni irsi memarlıq abidələri ilə bərabər, həm də daş abidələrdə yaşayır. Əcdadlarımızın yaratdıqları daş abidələr, xüsusilə Gəmiqaya rəsmləri ümumilikdə bəşəriyyətin tarixindən xəbər verir.

Möminə xatun türbəsi ilə tanışlıq zamanı qeyd olunub ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan bu türbə 1186-cı ildə tikilib. Nəinki Azərbaycan, bütövlükdə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə xatun türbəsi yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.

Xan sarayında da ətraflı məlumat verilərək bildirilib ki, saray Naxçıvan şəhərinin Xan dikində inşa olunub. Naxçıvan xanı I Kalbalı xan Kəngərliyə və onun varislərinə məxsus olan bu saray Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir.

Ekskursiya zamanı maddi-mədəniyyət nümunələri, milli memarlığının möhtəşəm abidələri, eyni zamanda orta əsrlər memarlığının nadir inciləri ilə tanışlıq tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb. Bu cür tədbirlərin həyata keçirilməsi həm muxtar respublikada yaşayan əcnəbilərin hüquq və vəzifələri, eləcə də miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları, həm də qədim diyarımızın tarixi və mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.