"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
14.03.2020. Mənzillər təqdim olunub
14.03.2020. Mənzillər təqdim olunub

Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində  şəhid ailəsinə və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlıq imkanlarını qismən itirmiş şəxsə yeni mənzillər təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək demişdir ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinə, onların cəmiyyətə inteqrasiyasına xüsusi qayğı ilə yanaşılır. Cari ildə müvafiq kateqoriyalı 157 şəxsin bərpa mərkəzlərində müalicələri təşkil edilmiş, 35 şəxsə müalicə müəssisələrinə göndəriş verilmiş, 4 ailəyə fərdi yaşayış evləri və mənzillər, 11 nəfərə minik avtomobilləri təqdim edilmişdir. Həyata keçirilən tədbirlərin davamı olaraq bu gün Novruz bayramı ərəfəsində 1 şəhid ailəsinə və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlıq imkanlarını qismən itirmiş 1 şəxsə yeni mənzillər təqdim olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mənzillə təmin olunanları təbrik edərək demişdir: Bu gün şəhid ailəsinə, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını qismən itirmiş şəxsə yeni mənzillərin verilməsi Azərbaycanda dövlətçiliyin möhkəm təməllər üzərində qurulduğunu göstərir. O yerdə dövlətçilik haqqında danışmaq olar ki, həmin ölkədə dövlət-xalq birliyi olsun. Dövlətin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş, vətənpərvərlik göstərmiş şəxslərə, şəhid ailələrinə diqqət və qayğısı digər vətəndaşlar üçün də nümunədir.

Ali Məclisin Sədri demişdir: Azərbaycanda sabitlik, inkişaf və tərəqqi vardır. Bunlar da ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmiz inkişaf edir, qayğıya ehtiyacı olan insanlara diqqət göstərilir, əməyi ilə fərqlənənlərə dövlət mükafatları verilir.  İnsanlarımız rahat yaşayır, yeni iş yerləri açılır, əhalinin rifahı yaxşılaşdırılır. Bunların hamısı ölkəmizin inkişafına, gələcəyinə xidmət edən işlərdir.

Ali Məclisin Sədri mənzillə təmin olunanlara qarşıdan gələn  Novruz bayramı münasibətilə təbriklərini çatdırmış, orderləri təqdim etmişdir.

Şəhid anası Firəngiz Rüstəmova göstərilən qayğıya görə minnətdarlıq etmişdir. Mənzil təqdim olunan Sədrəddin Əsədov demişdir: "Bu gün – Novruz bayramı ərəfəsində bizə yeni mənzil verilir. Göstərilən bu qayğı ailəmizə ikiqat bayram sevinci yaşadır. Veteranlar və öz adımdan minnətdarlığımı bildirirəm".

Naxçıvan şəhərində yerləşən iki və üçotaqlı mənzillər təmir olunaraq lazımi şərait yaradılmış, xalça hədiyyə edilmişdir.