"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
12.09.2019. Maarifləndirmə tədbiri
12.09.2019. Maarifləndirmə tədbiri

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi ilə bağlı

ardıcıl tədbirlər davam etdirilir

Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinə dair növbəti maarifləndirmə tədbiri keçirilib.

Xidmətin şöbə rəisi Qiyas Paşayev tədbirdə çıxış edərək bildirib ki, bu gün muxtar respublikamıza təşrif buyuran əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları, vəzifələri, həmçinin miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları diqqət mərkəzindədir. Digər mərkəzi icra hakimiyyəti orqanları ilə əlaqələrin sıx qurularaq müxtəlif məzmunlu maarifləndirmə tədbirlərinin keçirilməsi bunun əyani təzahürüdür.

Sonra Xidmətin əməkdaşı Elnur Zellabdinov mövzu ilə əlaqədar çıxış edərək ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınmasının vacibliyindən danışıb, prosedur qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycan Respublikasına gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması ölkədə, eyni zamanda muxtar respublika ərazisində ictimai asayişin, təhlükəsizliyin, əhalinin sağlamlığının qorunmasına xidmət edir. Mövzu ilə bağlı təqdim edilən slaydlarla tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən Xidmət əməkdaşı Tural Bayramov əcnəbilərin muxtar respublika ərazisində olma və yaşama müddətində hüquq və azadlıqları, vəzifələri, eyni zamanda olma və yaşama qaydalarının pozulmasına görə inzibati məsuliyyətləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Dövlət Miqrasiya Xidmətinin rəsmi saytı əcnəbilərin və ölkə ictimaiyyətinin daha rahat istifadəsi üçün cari ilin əvvəlində tamamilə yenilənib, həm funksionallıq, həm dizayn baxımından müasirləşdirilərək zamanın tələbinə uyğunlaşdırılıb. Vurğulanıb ki, saytın müasir standartlara cavab verən formada qurulması əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarında mühüm rola malikdir.

Turizm Departamentinin əməkdaşı Ülviyyə Cəfərova diqqətə çatdırıb ki, son illər muxtar respublikada infrastruktur quruculuğu üzrə aparılan məqsədyönlü tədbirlər, o cümlədən yeni turizm obyektlərinin istifadəyə verilməsi turizmin inkişafına yeni imkanlar açıb. Naxçıvanın zəngin turizm potensialı, ecazkar təbii gözəllikləri, tarixi-mədəni abidələri, həmçinin müasir təhsil bazası əcnəbilərin muxtar respublikaya olan marağını ilbəil artırır.

Sonra əcnəbilərin Duzdağ Fizioterapiya Mərkəzinə ziyarəti təşkil olunub. Məlumat verilib ki, əvvəllər mərkəzə insanlar yalnız müalicə məqsədilə gəlirdilərsə, son  vaxtlarda bura  istirahət üçün üz tutanların da sayı az deyil. Burada müalicə üçün gələn bütün qonaqlara hər cür şərait yaradılıb. Həmçinin mərkəzdə yerli və əcnəbi turistlərin rahatlığı üçün istirahət güşələri də mövcuddur.

Xidmətin təşkil etdiyi tədbir əcnəbilərdə xoş ovqat yaradıb. Keçirilən bu tədbirlər muxtar respublikada olan əcnəbilərin maariflənməsinə xüsusi xidmət edir.