"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
08.11.2019. Yeni içməli su sistemi qurulub
08.11.2019. Yeni içməli su sistemi qurulub

Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində
yeni içməli su sistemi qurulub

Əhalinin keyfiyyətli içməli su ilə təmin olunması muxtar respublikada aparılan quruculuq işlərinin tərkib hissəsidir. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni içməli su şəbəkələri qurularaq istifadəyə verilir.
Noyabrın 8-də Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Məlumat verilmişdir ki, Zeyvə və Düdəngə kəndlərinin içməli su şəbəkəsinin tikintisinə “Şərur şəhər və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində 2019-cu ilin fevral ayında başlanılmışdır. Su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə ötürülür. Layihəyə uyğun olaraq ərazidə müxtəlifdiametrli borularla 64 kilometr içməli su xətti çəkilmişdir. Hər iki kənddə 1100 ev su şəbəkəsinə qoşularaq sayğac quraşdırılmış, su şəbəkəsi üzərində 5 yanğın hidrantı, həmçinin qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlif­diametrli 68 siyirtmə və 4 suboşaldıcı qoyulmuşdur. Bununla da Zeyvə və Düdəngə kəndlərinin sakinləri fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşlar.
Sonra sakinlərlə görüş olmuşdur.
Ali Məclisin Sədri çıxış edərək demişdir: Bu gün muxtar respublikanın yaşayış məntəqələrində yeni içməli su sistemləri qurularaq istifadəyə verilir. Çünki su təmizlikdir, sağlamlıqdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublika əhalisinin 50 faizə yaxını tam standartlara uyğun içməli su ilə təmin olunur. Görülən işlərin tərkib hissəsi kimi Şərur rayonunda da içməli su sistemləri yenidən qurulur. Ötən əsrin 70-ci illərində ulu öndərimiz Heydər Əliyev tərəfindən Arpaçay su anbarının tikilməsi bu gün Şərur rayonunun həm suvarma, həm də içməli su təminatının ödənilməsində mühüm rol oynayır.
Ali Məclisin Sədri Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemlərinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, bu işdə əməyi olanlara təşəkkürünü bildirərək demişdir: Yaşayış məntəqələrində müasir içməli su sistemlərinin qurulması ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir. Artıq Şərur şəhəri də daxil olmaqla muxtar respublikanın rayon mərkəzləri, eləcə də Naxçıvan şəhəri içməli su və kanalizasiya sistemləri ilə təmin olunmuşdur. Bununla yanaşı, şəhər və rayon mərkəzlərinə yaxın kəndlərdə də içməli su sistemləri qurulur. Şərur şəhərinə yaxın ərazidə yerləşdikləri üçün Zeyvə və Düdəngə kəndlərində də içməli su sistemləri qurulmuşdur.
Ali Məclisin Sədri demişdir: Su hər bir evə lazımdır. Çünki dayanıqlı və keyfiyyətli su təminatı insanların rahatlığına xidmət edir. Əvvəllər Zeyvə və Düdəngə kəndlərində içməli su təminatı tam ödənilmirdi. Lakin bu gün hər iki kənddə yaşayan 7300 nəfər əhali evlərində tam standartlara uyğun içməli su ilə təmin olunur. Tarixən insanlar suyun olduğu ərazilərdə məskunlaşıblar. Bu mənada, içməli su təminatının yaxşılaşdırılması kənd­lərdə məskunlaşmanın da artmasına səbəb olacaqdır. Gələcəkdə kəndlərdə tikiləcək yeni evlər də içməli su ilə təmin olunacaqdır. Bütün bunlar dövlətin vətəndaşlarına göstərdiyi qayğının və verdiyi dəyərin daha bir ifadəsidir.
Zeyvə kənd ağsaqqalı Məhərrəm Rəhimov Ali Məclisin Sədrinə minnətdarlıq edərək demişdir: “Sizin bu kəndə hər gəlişiniz sakinlər üçün yeni bir bayramdır. Bir neçə il bundan əvvəl Zeyvə kəndində məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri tikilərək sakinlərin istifadəsinə verilmişdir. Qaz və elektrik xətləri yenilənmiş, geniş asfalt yol salınmışdır. Hər səhər evdən çıxanda bu gözəl mənzərələrlə qarşılaşmaq adama zövq verir. Bu gözəlliyi görməmək günah olar. Bizim kənd sakinlərinin ancaq bir problemi var idi. Bu da içməli suyun olma­ması idi. 70 illik Sovetlər Birliyi dövründə bu kəndlərə su çəkilmədi. İnsanlar gündəlik su tələbatlarını ödəmək üçün çox vaxt sərf edirdilər. Lakin Sizin böyük təşəbbüsünüz, diqqət və qayğınız sayəsində tez bir zamanda bu problem aradan qaldırıldı. Kəndə içməli su xətti çəkildi. İndi xoş halımıza ki, kəndimiz 24 saat ərzində davamlı və keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Göstərdiyiniz diqqət və qayğıya, yaratdığınız şəraitə görə ziyalı bir kənd ağsaqqalı kimi sakinlər adından minnətdarlığımızı bildiririk”.
Ali Məclisin Sədri içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salmış, muxtar respublikanın yaşayış məntəqələrində içməli su sistemlərinin qurulması sahəsində həyata keçirilən tədbirlərin davam etdiriləcəyini bildirmiş, Şərur rayonunun Cəlil­kəndində də yeni içməli su şəbəkəsinin qurulması barədə tapşırıqlar vermişdir.