"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
07.05.2022. İstehsalat təcrübəsi
07.05.2022. İstehsalat təcrübəsi

İstehsalat təcrübəsi uğurla davam etdirilir

Tədris prosesinin vacib istiqamətlərindən biri hesab edilən istehsalat təcrübəsi tələbələrin praktiki bilik və vərdişlərə yiyələnməsinə geniş imkanlar yaradır, eyni zamanda onların gələcəkdə peşəkar kadr kimi formalaşması sahəsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasının 4-cü kurs tələbələri Dövlət Miqrasiya Xidmətində istehsalat təcrübəsi keçirlər.

Ümumilikdə 24 tələbənin iştirak etdiyi təcrübə 6 aprel - 27 may tarixlərini əhatə edir. Təcrübənin keçirilməsində əsas məqsəd tələbələrin nəzəri biliklərini möhkəmləndirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etməkdən, onların ixtisas profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, iş üsulları ilə tanış etməkdən, o cümlədən işgüzarlıq, təşkilatçılıq və texnologiya vərdişləri aşılamaqdan ibarətdir.

Tədris müddəti ərzində tələbələrin keyfiyyətli və müasir metodlarla təcrübə keçmələri üçün bütün zəruri imkanlar yaradılıb. Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan və təsdiq olunan tədris proqramlarında Xidmətin təcrübəli əməkdaşları tərəfindən tələbələr miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi mövzuları ilə bağlı yaxından tanış edilirlər. Bununla yanaşı, miqrasiya proseslərinin yaranmasına səbəb olan siyasi amillər və müasir miqrasiya proseslərinin predmetləri, sərhəd buraxılış məntəqələrində miqrasiya bölmələrinin fəaliyyəti, əmək miqrasiyasının hüquqi tənzimlənməsi, miqrasiya sahəsində tətbiq edilən qabaqcıl texnologiyalar və innovativ yeniliklər, həmçinin bu proseslərinin həyata keçirilməsində informasiya təminatının rolu barədə təsəvvürün yaranması məqsədilə onların ayrı-ayrı sahələrlə tanışlığı da təmin olunur.

Eyni zamanda  vətəndaşlıq məsələlərinə baxılması, miqrasiya sahəsində uçot sisteminin tətbiqi və monitorinqin həyata keçirilməsi mövzularında da tələbələrə geniş məlumatlar verilir.

Dərslər daha çox slayd və vidoeçarxlarla tədris olunur ki, bu da təcrübə müddətində dərslərin vizual olaraq, effektiv və keyfiyyətli formada öyrənilməsi baxımından vacib əhəmiyyətə malikdir.

Təhsil aldıqları ixtisas üzrə təcrübə toplayan tələbələr, Xidmətin müxtəlif struktur bölmələrində mövcud iş prosesləri ilə də tanış edilir və müəyyən sahələrdə ilkin peşə vərdişlərinə yiyələnirlər.

Naxçıvan Muxtar Respublikasında bütün miqrantların hüquq və azadlıqlarının qorunması və təminatına daim xüsusi diqqətlə, həssaslıqla yanaşılır və bu istiqamətdə həyata keçirilən tədbirlər müasir standartlar səviyyəsinə çatdırılıb. Bu istiqamətdə reallaşdırılan tədbirlərin mühüm tərkib hissəsi kimi Xidmətin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Təcrübə müddətində tələbələrin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti ilə də tanışlığı həyata keçirilib, Xidmət əməkdaşları tərəfindən Mərkəzin iş prinsipi barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş, maddi vəsaiti və yaşayış yeri olmayan miqrantların, o cümlədən qaçqın statusu almaq istəyənlərin mərkəzdə müvəqqəti qalmaq üçün könüllü müraciəti təmin edilib.

Sonda istehsalat təcrübəsini müvəffəqiyyətlə başa vuran tələbələrə şəhadətnamələr təqdim ediləcək.