"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
07.05.2019. Əcnəbi tələbələrlə tədbir
07.05.2019. Əcnəbi tələbələrlə tədbir

Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə əcnəbi tələbələr üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinə dair tədbir keçirilib

Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ulu öndərimizin təhsilin inkişafı sahəsindəki misilsiz xidmətlərindən danışıb. O bildirib ki, bu gün uğurla həyata keçirilən təhsil siyasəti tədrisin keyfiyyətinin yüksəlməsinə, müəllimlərin pedaqoji ustalığının artmasına və tələbələrin mükəmməl təhsil almasına imkan verib.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxış edərək bildirib ki, mövcud sabitlik, artan sosial-iqtisadi inkişaf nəticəsində muxtar respublikaya miqrasiya axını ilbəil artır. Vurğulanıb ki, belə tədbirlərin təşkili həm əcnəbi tələbələrin miqrasiya sahəsində maariflənməsinə, öz hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına, həm də Naxçıvan Muxtar Respublikanın turizm potensialının təbliğinə xidmət edir.

Xidmətin baş inspektoru Elnur Zellabdinov çıxışında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti olması və yaşaması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məqamlara toxunub, bu barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.

“Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət” mövzusunda xidmətin baş inspektoru Vəli Quliyev çıxış edərək slaydlarla tələbələri miqrasiya sahəsində qanunvericiliyin pozulması halları, habelə buna görə yaranan məsuliyyətlər barədə geniş məlumatlandırıb. 

Universitetin Tibb fakültəsinin Müalicə işi ixtisası üzrə tələbəsi Joseph Okpamen Dövlət Miqrasiya Xidmətinin onlar üçün yaratdığı şəraitdən danışıb, təşkil olunan maarifləndirmə tədbirlərinə və sənədləşdirmə işlərində göstərdikləri xidmətə görə minnətdarlığını bildirib.

Diskussiya şəklində davam edən tədbirdə əcnəbi tələbələrə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri təqdim edilib. Dövlət Miqrasiya Xidmətinin maarifləndirmə məqsədilə hazırladığı bukletlər tələbələrə paylanılıb, müvafiq müraciətlər qəbul edilib. Həmçinin Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq olub.

Sonra əcnəbi tələbələrin Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil edilib. Çay süfrəsi ardında davam edən istirahət tələbələrdə xoş ovqat yaradıb.  Mərkəzdə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mini-futbol yarışı da keçirilib. 4 komandanın iştirak etdiyi yarışda “Stomatologiya” komandası I, “Dünya iqtisadiyyatı” komandası II, “Əczaçılıq” komandası III yerə layiq görülüblər. Sonda qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb və xatirə şəkli çəkdirilib.