"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
06.12.2019. Ali Məclisdə görüş
06.12.2019. Ali Məclisdə görüş

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonaqları salamlamış, Naxçıvanla əlaqələrin inkişafına və nümayəndə heyətinin səfərinə verdiyi dəstəyə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət və ehtiramını bildirmişdir.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında qarşılıqlı münasibətlərin əsasının qoyulduğunu bildirən Ali Məclisin Sədri ötən dövrdə ordu quruculuğu, təhsil, səhiyyə və iqtisadi sahələrdə əlaqələrin inkişaf etdiyini, İğdırda Naxçıvan Ticarət Evinin fəaliyyət göstərdiyini qeyd etmişdir. Ali Məclisin Sədri Naxçıvanın Moskva və Qars müqavilələrinə əsasən təsbit olunan muxtariyyət statusunu xatırlatmış, muxtar respublikada inkişafın, xüsusilə ərzaq və enerji təhlükəsizliyinin təmin olunduğunu bildirmiş, mövcud potensialın əməkdaşlıq üçün daha geniş imkanlar açdığını vurğulamışdır.
Ali Məclisin Sədri ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq Azərbaycan-Türkiyə əlaqələrinin nümunə gücündə olduğunu diqqətə çatdırmış, nümayəndə heyətinin səfərinin Naxçıvanda istehsal olunan məhsulların Türkiyəyə ixrac imkanlarının artırılması baxımından əhəmiyyətli olacağına əminliyini ifadə etmişdir.
Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqay səmimi qəbula görə nümayəndə heyəti adından minnətdarlıq etmiş, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırmışdır.
Ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən Rza Tuna Turaqay qardaş ölkənin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğulamışdır. Qonaq Naxçıvan Muxtar Respublikasının qısa müddətdə böyük inkişaf yolu keçdiyini və bunun mövcud əlaqələrin inkişafı üçün geniş imkanlar açdığını qeyd etmişdir. Türkiyə Respublikasının Ticarət nazirinin müavini Naxçıvan məhsullarının Türkiyə bazarlarına çıxarılması imkanlarının artırılmasına mühüm əhəmiyyət verdiklərini və nümayəndə heyətinin səfərinin bu baxımdan önəmli olacağını bildirmişdir.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak etmişdir.