"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
02.10.2022. Şahmat Olimpiadasının açılışı olub
02.10.2022. Şahmat Olimpiadasının açılışı olub

Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçirilib

Ümumdünya Şahmat Federasiyası Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi ilə bağlı qərar vermiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 21 iyun tarixli Sərəncamına əsasən olimpiadanın keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılmış, olimpiadaya hazırlıq işləri başa çatdırılmışdır.  

Oktyabrın 2-də Naxçıvan Dövlət Milli Dram Teatrında 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov açılış tədbirində iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışı münasibətilə olimpiadanın bütün iştirakçılarını təbrik etmiş, olimpiadada iştiraklarına görə şahmatçılara və qonaqlara təşəkkürünü bildirmiş, qələbə arzulamış, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasını açıq elan etmişdir.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç olimpiadanın təşkilatçılarına təşəkkür edərək olimpiadada oyunların rəqabətli keçəcəyinə, yeni dostluqların yaranacağına əminliyini bildirmişdir.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Təşkilat Komitəsi Sədrinin müavini Mahir Məmmədov çıxış edərək Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmata göstərilən qayğıdan danışmış, muxtar respublikanın ümumtəhsil məktəblərində şahmatın məqsədyönlü tədrisini dünya səviyyəsində nümunə kimi dəyərləndirmiş, şahmatın inkişafı naminə görülən işlərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişdir.

Beynəlxalq Şahmat Federasiyasının baş hakimi, o cümlədən olimpiadanın baş hakimi Freyd Loran olimpiadanın qaydaları haqqında məlumat vermişdir. Bildirilmişdir ki, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında 23 ölkədən 200-ə yaxın şahmatçı iştirak edir. İştirakçılar arasında 50 titullu şahmatçının olması yarışların maraqlı keçəcəyini deməyə əsas verir.

Sonra olimpiadanın ən yüksək reytinqli şahmatçısı, iranlı Daneşvar Bardiya səhnəyə dəvət olunmuş və şahmat olimpiadasının püşkü atılmışdır.

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin kollektivi konsert proqramı ilə çıxış etmişdir.